Edoardo Bove bir daha futbola qayıtmaya bilər

“Fiorentina”nın “Roma”dan icarəyə aldığı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bove bir daha futbola qayıtmaya bilər.

Arena.az bu barədə “La Nazione” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilib və dərhal xəstəxanaya təxliyə edilib, oyun hesab 0:0 ikən təxirə salınıb.

Mənbənin məlumatına görə, Bovenin daha futbol oynaya bilməyəcəyi təhlükəsi var. Hazırda Bove reanimasiyadan kardiologiya şöbəsinə köçürülüb. Futbolçuya dəqiq diaqnoz qoymaq üçün müayinələr dövrü davam edir.

Bildirilir ki, əgər müayinələr ürəyin dayanmasının əsas ürək patologiyasının təzahürü olduğunu təsdiqləsə, bu, futbolçunu, eyni fəsadlarının zamanla mümkün təkrarlanma təhlükəsinə məruz qoyacaq və buna görə də ikincil profilaktika məqsədilə futbolçuya defibrillyatorun implantasiyası tələb ediləcək. İtaliyanın idman təbabəti və kardiologiyası üzrə milli təlimatlarına əsasən, defibrillyatoru olan idmançılar rəqabətli idman fəaliyyətlərində iştirak üçün uyğun deyillər və Bove də müvafiq acını yaşaya bilər.

Bu arada “Fiorentina”nın baş direktoru Alessandro Ferrari Edoardo Bovenin son vəziyyəti haqda məlumat verib:

“O, sağalır, biz bundan məmnunuq. Ona səbr və hörmət göstərmək gərəkdir. İndi o, şöbəsini dəyişib, ona görə də hər şey yaxşılığa doğru gedir. Dəqiq desək, o, kardiologiya şöbəsinə köçürülüb”, – “IlRomanista” dərgisi Ferraridən sitat gətirir.

Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.

Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın