“Roma”nın mərkəz yarımmüdafiəçisi Edoardo Bove bundan sonra A Seriyasının digər təmsilçisi “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Fiorentina”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Florensiya klubu Boveni icarəyə götürüb. Bir mövsümlük icarə sözügedən kluba 1,5 milyon avro məbləğində başa gəlib. Müqavilə müddəti 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb və müəyyən şərtlər daxilində “Fiorentina”nın mütləq satınalma mükəlləfiyyətini ehtiva edir.
Edoardo Bove “Roma”nın məzunudur. Yarımmüdafiəçi karyerası ərzində “canavarlar”ın heyətində 92 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Edoardo Bovenin qənimətlər muzeyində “Roma” ilə qazandığı Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
“Fiorentina” Almaniyanın “Union Berlin” klubunun yarımmüdafiəçisi Robin Qosensi də icarəyə götürüb. 30 yaşlı futbolçunun bir mövsümlük icarəsi 500 min avroya başa gəlib. Florensiyalılar mövsümün sonunda Qosensin transfer hüquqlarını da almalıdır.
Almaniya yığmasının da üzvü olan Qosens “Union Berlin”ə 2023-cü ilin avqust ayında 13 milyon avro qarşılığında keçmişdi. O, Bundesliqa təmsilçisində 39 oyuna çıxıb, 7 qol vurub, 4 məhsuldar ötürmə verib.
Qosens daha öncə “İnter”, “Atalanta”, “Herakles Almelo”, “Dordrext” kimi klubların da formasını geyinib. O, Almaniya millisində də 20 matça çıxıb, 2 qol və 6 assistlə yadda qalıb.
“Fiorentina” Argentinanın “Belqrano” klubunun mərkəz müdafiəçisi Matias Morenonu da transfer edib. İtaliya klubu bu transfer üçün 5 milyon avro ödəyib. 20 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Matias Moreno “Belqrano”nun yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna çıxıb, 1 assistlə yadda qalıb.