Edoardo Bove xəstəxanadan evə buraxıldı

“Roma”nın “Fiorentina”da icarə əsasında çıxış edən yarımmüdafiəçisi Edoardo Bove xəstəxanadan evə buraxılıb.

Arena.az məlumat verir ki, bu haqda jurnalist Nikolo Skira məlumat verib:

“Xoş xəbər: “Edoardo Bove 12 gündən sonra Kareci xəstəxanasını tərk etdi və evə qayıtdı”, – Skira paylaşıb.

Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilmiş və dərhal xəstəxanaya təxliyə edilmiş, oyun isə hesab 0:0 ikən təxirə salınmışdı.

Cərrahi əməliyyatdan sonra Boveyə defibrillyator quraşdırılıb.

Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.

Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.