Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo Borges DÇ-2024-ün elit raundunda Qazaxıstanla oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycoktyabrın 11-də Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi hazırlığını bu gün yekunlaşdırıb.
Astana şəhərindəki arenada baş tutan oyundan öncə baş tutan məşqdən sonra komandamızın təcrübəli üzvü Eduardo Borges Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
“Əlbəttə, Bakıdakı oyunun o cür olmasını istəməzdik. Amma sabah daha bir vacib sınağımız var. Hər şeyimizi meydanda qoyacağıq. Allah da bizim tərəfimizdə olacaq, inanıram.
Qazaxıstanla ilk oyunumuzu yenidən analiz etdik. Demək olar, qolların hamısını hədiyyə etdik. Bəzi epizodlarda anlaşılmazlıq oldu və ya ötürmələrdə səhvə yol verdik. Amma üçüncü qolda hakimin qərarı anlaşılmaz oldu. Oyunu saxlamaq üçün fit verdi, mən də topu ayağımda saxladım, bu zaman rəqib futzalçı topu məndən götürdu və qol vurdu. Halbuki fitdən sonra oyun dayandırılmalı idi ki, mən də onu etdim. Rəqib də fair-play-ə əməl etmədi. Üstəlik, Felipinyoya qarşı qayda pozuntusu zamanı rəqib qapısına penalti təyin olunmadı. Elə də Bastosa qarşı. Niyəsə hakimin fiti susdu. Təbii ki, bunlar bizi oyuna daha yaxşı köklənməyə vadar edir. Rəqib meydanında oynayacaq olsaq da, bura müsbət nəticə qazanmaq üçün gəlmişik. Bir sözlə, sabah “müharibə” olacaq. Heç bir halda güzəşt olmayacaq. Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik”.