Eduardo Kamavinqa “Real”dakı mövqeyindən narazıdır

“Real”ın fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa “qaymaqlılar”ın heyətində sol cinah müdafiəçisi kimi oynaması haqda danışıb.

Arena.az “Mundo Deportivo”ya istinadən Kamavinqanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Sol cinah müdafiəçisi mövqeyini bəyənirəmmi? Mənə hər gün bu sual verilir. Mən komanda oyunçusuyam. Bu, bilmədiyim bir mövqedir, amma orada oynayaraq müəyyən bacarıqlar əldə etdim.
Heç kimə sirr deyil ki, bu mövqeni bəyənmirəm. Ançelotti ilə danışdım, amma ən vacibi komandadır. Komanda oyunçusu olduğum üçün lazım gələrsə, bəyənməsəm də istənilən mövqedə oynayacağam. Klubun uğuru üçün bütün gücümü vermək istəyirəm”, deyə Kamavinqa komandanı daha üstün tutduğunu vurğulayıb.

Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Eduardo “Real”ın heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 12 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.