Futbol üzrə Monteneqro milli komandasının formasını geyinən mərkəz yarımmüdafiəçisi Edvin Kuç bu yay “Neftçi”yə keçəcək.
Arena.az xəbər verir ki, paytax təmsilçisi monteneqrolu futbolçu ilə bütün məsələlərdə razılıq əldə edib.
Hazırda Kosovonun “Ballkani” klubunun formasını geyinən yarımmüdafiəçi tezliklə azad agentə çevriləcək. Belə ki, onun bu klubla müqaviləsinin müddəti başa çatacaq. Bu üzdən də Kuç azad agent kimi “Neftçi” ilə müqavilə bağlayacaq.
30 yaşlı futbolçu “Neftçi”yə mümkün keçidi ilə bağlı “KosovoPress”ə açıqlama verib: “Neftçi” mənimlə hələ bu ilin yanvar ayında maraqlanmışdı. Həmin vaxt oyunçu çatışmazlığımız olduğuna görə qərara gəldik ki, yaya qədər gözləyək. Artıq klubla müqaviləmin müddəti başa çatır. Mən azad agent kimi “Neftçi”yə keçirəm”.
Xatırladaq ki, Edvin Kuç 2020-ci ilin avqust ayından “Ballkani”də çıxış edir. O, bu mövsüm Kosovo klubunun heyətində 49 oyuna çıxıb, 7 qol vurub, 4 qol ötürməsi edib. Monteneqrolu futbolçunun Kosovo klubundakı ümumi karyerası 196 oyun, 21 qol və 10 məhsuldar ötürmədən ibarətdir. O, karyerası ərzində “Deçiç”, “Usti nad Labem”, “Mladost”, “Rudar” və “Gilani” kimi klublarda da forma geyinib.
Edvin Kuç ötən ildən Monteneqro yığmasına da cəlb olunmağa başlayıb. O, 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 5 oyuna çıxıb, 3 qol vurub.
Sonda onu da xatırladaq ki, hazırda Monteneqro milli komandasının daha 2 üzvü – Marko Yankoviç və Marko Veşoviç də Azərbaycanın digər klubu “Qarabağ”da forma geyinir.