“Ayaks”ın sabiq qapıçısı Edvin van der Sar Amsterdam klubunda uzun illər tutduğu icracı direktor vəzifəsindən qəfil istefa verib.
Arena.az xəbər verir ki, “Mançester Yunayted”in və Niderland yığmasının əfsanəsinin bu gözlənilməz istefa qərarını Amsterdam klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
“Ayaks” Van der Sarın vida sözlərini də azarkeşlərinə təqdim edib:
“Direktorlar şurasında keçirdiyim təxminən on bir ildən sonra mən işimi bitirdim.
Birlikdə gözəl anlar yaşamışıq. Ancaq bu, həmçinin inanılmaz ağır dönəm idi.
“Ayaks”da ikinci karyera dönəmində tanış olduğum və işlədiyim insanlara, həmçinin nəyə nail olduğum və nələrdən keçdiyim üçün çox minnətdaram.
Mən müəyyən məsafəyə çəkilməyə, bir qədər istirahət etməyə və başqa işlərlə məşğul olmağa ehtiyac hiss edirəm.
Bu gözəl klubun gələcəyi ilə bağlı tezlikə qərarlar qəbul etmək o qədər də xoş deyil. Məhz bu səbəbdən mən istefa vermək qərarına gəldim”.
Van der Sarın istefası komanda azarkeşlərinin “Ayaks”ın uğursuz mövsüm keçirməsi səbəbilə əfsanəvi qapıçını fitə basmasından sonra gerçəkləşib.
Xatırladaq ki, “Ayaks” bu mövsüm Erediviziya çempionluğunu əldən verərək bürünc medallarla kifayətlənib.
“Mançester Yunayted” əfsanəsini İngiltərəyə çağırır
Bu arada “Mançester Yunayted” azarkeşləri canfəşanlıqla van der Sarın yenidən “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtması arzusundadırlar. Sosial şəbəkələrdə bu xüsusda fəallıq müşahidə edilir.
Edvin van der Sar karyerasına “Ayaks”da başlayıb və burada uğurla çıxış edib (1990-1999). Amsterdam komandası ilə Niderland çempionluğunu (4 dəfə), kubokunu (3 dəfə), superkubokunu (3 dəfə), Çempionlar Liqasını (1995), UEFA Kubokunu (1992), UEFA Super Kubokunu (1995), Qitələrarası Kuboku (1995) qazanıb. “Ayaks”la 1996-cı ildə Çempionlar Liqasının finalına çıxsa da, “Yuventus”a oyunsonrası penaltilərlə yenilib. Ardınca “Yuventus”da (1999-2001) və “Fulhem”də (2001-2005) forma geyinmiş təcrübəli qapıçı bu klubların heyətində UEFA İntertoto Kubokunu qazanıb (1999 və 2002).
Karyerasının qürub çağında Mançesterə gələn holland qapıçı burada əfsanəyə çevrilib. 4 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Liqa Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun qalibi olan van der Sar, 2008-ci ildə “qırmızı şeytanlar”a Çempionlar Liqasını qazandırmaqda böyük pay sahibi olub. Məhz onun oyunsonrası penaltilər zamanı göstərdiyi ustalıq sayəsində komandası “Çelsi”ni məğlub edə bilib. Ardınca FIFA Klublararası Dünya çempionatında da (2008) uğur əldə etmiş qapıçı “Mançester Yunayted”lə daha iki dəfə Çempionlar Liqasının finalına yüksəlsə də (2009, 2011) “Barselona” səddini keçə bilməyib.
Əfsanəvi qapıçı Hollandiya yığmasında 130 oyun keçirib. DÇ-98-də komandası ilə dördüncü olub. Avropa çempionatlarında isə iki bürünc medal qazanıb (2000, 2004).