“Ekip” ötən il PSJ-də baş vermiş biabırçılıqları dərc etdi

Nüfuzlu “Ekip” nəşri ötən il heyəti dünya ulduzları ilə dolu olan PSJ-də baş vermiş, idmana yaraşmayan məqamlar haqda yazı dərc edib.

Arena.az məlumat verir ki, Fransa nəşrinin yazısında Neymarın özünü komanda yoldaşlarına qarşı yolverilməz aparması, Lionel Messi ilə Əşrəf Hakiminin davası, Serxio Ramosun bu davaya müdaxiləsi, Lionel Messi ilə Neymarın klubda Kilian Mbappeyə verilmiş “ağalıq”dan narazılığı, həmçinin Neymarın pul-paradan harınlaması haqda məqamlar yer alıb.

Hadisənin şahidi: “Neymar yerdə uzanmış oyunçunu topla başından təpiklədi”

Adı açıqlanmayan şahid, PSJ-nin əməkdaşı Fransa nəhənginin braziliyalı sabiq hücumçusu Neymar və onun komanda yoldaşları və məşqçilər qərargahının üzvləri arasında münasibətlərin necə qurulduğu haqda danışıb.

Şahidin sözlərinə görə, Neymar ötən mövsüm məşq zamanı komandanın baş məşqçisi, fransız mütəxəssis Kristof Qaltyenin köməkçisi ilə mübahisə edib. Bu məqama görə paltardəyişmə otağında ab-hava gərginləşib, braziliyalı ulduzun özü isə əsəbi olub.

Daha sonra məşq zamanı Neymarla PSJ-nin 19 yaşlı yarımmüdafiəçisi İsmael Qarbi arasında münaqişə yaranıb. İsmael Qarbi məşq zamanı topu qəbul etməyə çalışıb, Neymar isə topu ələ keçirərək, yerdə uzanmış Qarbinin başına zərbə endirib. Bundan hamı sarsılıb. Əvvəl-axır, Neymar həqiqətən də özünü pis aparıb.

Neymar Vitinyaya da qarşı pis davranıb. Baxmayaraq ki, Vitinya özü bunu təkzib etsə də, yaxşı insan olduğu üçün heç bir fəsad yaşamaq istəməyib, amma bir neçə dəfə Neymar tərəfindən təhqir edilib.

Neymar və Ramos Messinin Hakimi ilə davasını ayırıblar

Adı açıqlanmayan PSJ əməkdaşı bu biabırçılıq haqda da danışıb. Ötən mövsüm Lionel Messi ilə Əşrəf Hakimi arasında münasibətlərdə pisləşmə müşahidə edilib. Daha gərgin anlardan birində futbolçular dava salmağa hazır olsalar da, həmin an Neymar vəziyyəti sakitləşdirməyə və Messini müdafiə etməyə çalışıb. Bu yerdə ispan müdafiəçi Serxio Ramos münaqişəyə müdaxilə edərək Hakimiyə deyib: “Əgər ayağa qalxsan, mən də orada olacağam”.
Şahid vurğulayır: “Xoşbəxtlikdən Serxio orada idi. O, tez-tez vəziyyətə dözə bilməyən komanda oyunçuları arasında bufer rolunu oynayırdı”.

Neymarla Messi PSJ-də Mbappeyə verilmiş “ağalıq”dan məyus olublar

Həmçinin PSJ əməkdaşı bildirib ki, parislilərin keçmiş hücumçuları Lionel Messi və Neymar Paris klubunun, fransalı hücumçu Kilian Mbappeyə verdiyi səlahiyyətlərin səviyyəsindən məyus olublar.
Mənbənin sözlərinə görə, Mbappe əvvəlcə Neymarı bəyənib, amma sonra aralarında fikir ayrılıqları yaranıb və bu, Mbappenin braziliyalı futbolçuya öhdəliklərini yerinə yetirməkdə çevik olmadığı haqda mövqeyini bildirməsi ilə başa çatıb.

Neymar xirtdəyə qədər pul-para içində olub

Adını gizli saxlayan PSJ əməkdaşı keçən yay parislilərin artıq keçmiş hücumçusu Neymarın o vaxt komandaya yeni təyin edilmiş baş məşqçi, ispan mütəxəssis Luis Enrikeni onu klubda saxlamağa razı salmağa çalışdığını da bildirib:

“İki və ya üç çox yaxşı mövsümdən sonra məndə elə təəssürat yarandı ki, o, doymuşdu: futboldan və puldan. Artıq ac deyildi. Onun hələ də Braziliya millisində oynamaq əsası vardı, amma Brestdəki oyuna getmədi.

Keçən yay, turun əvvəlində (PSJ-nin Yaponiyaya yay turu – redaktorun qeyd) Luis Enrike Neymarı öz yanına çağırdı və səmimi şəkildə ona bundan sonra nə olacağını söylədi. O, “Ney”ə başqa klub tapmağı məsləhət görüb və onu səfərə aparmayacağını bildirib. Luiş Kampuş (PSJ-nin məsləhətçisi – redaktorun qeydi) sonda Enrikeni, Neymarı sonradan daha baha qiymətə satmaq üçün braziliyalı ulduzu özü ilə aparmalı olduğuna inandırıb. Amma Neymarın davranışı eyni deyildi. Parisdəki bu hekayə həqiqətən bitməli idi”, deyə adını məxfi saxlayan PSJ əməkdaşı bildirib.
Məlum olduğu kimi bütün bu biabırçılıq ötən yay klub rəhbərliyinin islahatları ilə başa çatıb. Əvvəlcə, komandaya klub layihəsini klubun öz resursları hesabına, lazım gələrsə, bunu hətta ulduzlarsız etməyə iddialı olan ispan mütəxəssis Luis Enrike baş məşqçi təyin edilib.

Ardınca PSJ rəhbərliyi ulduzları ilə yollanı ayırıb. Lionel Messi azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə yollanıb. Neymar isə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”a transfer edilib. Serxio Ramos öz doğma klubu “Sevilya”ya geri dönüb. Kilian Mbappenin isə nazı ilə əvvəlki kimi oynanılmır, fransalı ulduzun “Real”a keçidinin rəsmən açıqlanacağı isə cari mövsümün sonuna qədər zaman məsələsidir.