Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elcan Hacıyev Tacikistanda keçirilən qran-pridə bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən turnirin sonuncu yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulub.
Kişilər arasında -90 kq çəkidə Elcan Hacıyev və Vüqar Talıbov, +100 kq çəkidə Camal Qamzatxanov medallar uğrunda mübarizə aparıblar. Onlardan yalnız Elcanın çıxışı nisbətən uğurlu alınıb. Hacıyev özbəkistanlı cüdoçu Caxonqir Mamatraximova qalib gələrək bürünc medal əldə edib.
Bununla da Azərbaycan cüdoçularının Düşənbədəki qran-pridə qazandıqları medalların sayı 4-ə (2 gümüş, 2 bürünc) çatıb. Daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) bu qran-pridə gümüş medal qazanmışdı. Yaşar Nəcəfov (66 kq) isə turniri bürünc medalla başa vurmuşdu.
Xatırladaq ki, turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunub.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış ediblər.
Kişilərdən ibarət millinin heyətində bu cüdoçular yer almışdılar: Turan Bayramov, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi -66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi -90 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlardan ibarət yığmada isə bu cüdoçulara şans verilmişdi: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).