“Elçe” nəhayət ki, özünə yeni baş məşqçi tapdı

İspaniyanın “Elçe” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Pablo Maçin çalışdıracaq.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 47 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Pablo Maçin son olaraq Səudiyyə Ərəbistanının “Əl-Raed” komandasına rəhbərlik edib. O, “Əl-Əyn”, “Alaves”, “Qingdao”, “Espanyol”, “Sevilya”, “Jirona”, “Numansiya” kimi komandalarda da baş məqçi olub.

Maçin “Elçe”nin baş məşqçi postunda Fransisko Rodriqesi əvəz edib. O, ötən ayın əvvəlində uğursuz nəticələrə görə istefaya göndərilmişdi. Fransisko Rodriqes 2021-ci ilin noyabrından “Elçe”yə rəhbərlik edirdi. 44 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 34 oyuna çıxarıb. La Liqa klubu bu görüşlərdə 12 qələbə qazanıb, 4 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb. İspaniyalı mütəxəssis daha öncə “Jirona”, “Hueska”, “Kordoba”, “Luqo”, “Almeriya” kimi komandalara da rəhbərlik edib.

“Elçe” bu mövsüm İspaniya çempionatında geridə qalan 14 tur ərzində qələbə qazana bilməyən yeganə komandadır. Cəmi 4 heç-heçə edən və 4 xalı olan komanda 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.