Elçin Məsiyev AÇ-nin Polşa – Serbiya matçına təyinat aldı

Azərbaycanlı futbol hakimi, FIFA referisi Elçin Məsiyev UEFA tərəfindən daha bir beynəlxalq oyuna təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

O, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyun idarə edəcək. Azərbaycanlı referi 1/4 final mərhələsinin Polşa – Serbiya matçında söz sahibi olacaq.

Ona yan xətti hakimləri Elşad Abdullayev və Slovakiyadan olan Peter Bednar kömək edəcəklər.

Polşa – Serbiya matç sabah – mayın 27-də baş tutacaq.

U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda təşkil olunub. Mayın 17-də start götürmüş qitə birinciliyinə iyunun 2-də yekun vurulacaq.

Xatırladaq ki, Elçin Məsiyev daha əvvəl bu Avropa çempionatında Şotlandiya – Fransa qarşılaşmasını da idarə edib. Həmin oyunda fransızlar 3:1 hesablı qələbəyə seviniblər. Məsiyev bu görüşdə şotlandların 2, fransızların 1 oyunçusuna sarı vərəqə göstərib. O, Şotlandiya yığmasının qapısına 2 penalti də təyin edib. 75-ci dəqiqədəki ilk penalti zamanı rəqib qapıçı zərbəni dəf etsə də, fransızlar avtoqol sayəsində hesab arasındakı fərqi artırıblar. 90+1-ci dəqiqədəki penaltini isə fransızlar boşa veriblər.