Dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Eldəniz Əzizli Budapeştdə keçirilmiş AÇ-dəki çıxışını dəyərləndirib. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamız bu gün vətənə dönüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər önünə çıxan Eldəniz bunları söyləyib:
“Yarış bizim üçün yaxşı keçdi. Rafiq Hüseynov güləşin bu növündə ilk 3 qat Avropa çempionumuz oldu. Mən isə yunan-Roma güləşində ən çox AÇ medalı qazanan idmançı oldum. 6-cı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu. Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz.
Bizi qarşıda İslam Həmrəyliyi Oyunları və Bakıda keçiriləcək Dünya Kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayır.
Son 3 ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum. Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.
Ən çox AÇ medalı olan güləşçimiz
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i vətənə medalla qayıdıb. Eldəniz Əzizli (55 kq) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan Əzizli güləşin klassik növündə ən çox AÇ medalı olan idmançımıza çevrilib. Eldənizin hesabında 2 qızıl və 4 bürünc medal var.
Bu yarışda Rafiq Hüseynov (82 kq) da rekorda imza atıb. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təxminən 1 aydan sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır. Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal toplayıb. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atıb.