Eldəniz Əzizli: “Qələbəmi hərbçilərimizə həsr edirəm”

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyadakı dünya çempionatında karyerasında 3-cü dəfə dünya çempionu olub.

Arena.az xəbər verir ki, növbəti dəfə Belqradda fəxri kürsünün ən yüksək pilləsinə qalxan və titulunu qoruyan yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib:

“Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından 3 dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada.

Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam”.

Xatırladaq ki, 55 kq-da yarışan Eldəniz Əzizli bu gün baş tutan həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Növbəti dəfə tanış rəqibini tam üstünlüklə (13:4) məğlub edən Eldəniz müstəqillik tariximizdə yunan-Roma güləşində ilk 3 qat dünya çempionu olub.

Eldənizdən başqa Rafiq Hüseynov (82 kq) da bu gün Belqradda dünya çempionu olub. Sənan Süleymanov (77 kq) isə yalnız həlledici görüşdə uduzduğu üçün gümüş medalla kifayətlənib.

Daha öncə sərbəst güləşçilərimiz bu dünya çempionatında iki gümüş medal əldə etmişdi.