Eldəniz Əzizli tarix yazdı, Nihat Məmmədli ilə Ülvü Qənizadə…

Azərbaycan güləşçiləri Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə dünya çempionatında tarixi uğura imza atıblar.

Arena.az xəbər verir ki, oktyabrın 28-də Albaniyanın paytaxtı Tiranada güləş üzrə böyüklər arasında dünya çempionatına start verilib.

Mundiala yunan-Roma güləşçiləri başlayıblar. İlk gündə Azərbaycan güləşçilərindən dördü mübarizəyə qoşulub. Bu gün isə həmin çəki dərəcələri üzrə medal qarşılaşmaları baş tutub.

Eldəniz Əzizli (55 kq) dünya çempionatına albaniyalı Bayram Sina üzərində inamlı qələbəylə start verib – 8:0. Millimizin kapitanı 1/4 finalda çinli Haifenq Janqa heç bir şans tanımayıb – 9:0. Dünya çempionumuz yarımfinalda rumıniyalı Denis Mihayı vaxtından əvvəl xalçadan məyus yola salıb – 9:0. Eldəniz finalda iranlı Poya Marzla qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn Əzizli ardıcıl 3-cü dəfə dünya çempionu olub. Ümumilikdə dünya çempionatında titullarının sayını 4-ə çatdıran Eldəniz Azərbaycan güləş tarixində yeni rekord müəyyənləşdirib. Əzizli 2018-ci, 2022-ci və 2023-cü illərdə keçirilmiş mundiallarda da qalib adına yiyələnib. Ona qədər heç bir güləşçimizə dördqat dünya çempionluğu qismət olmamışdı.

Nihatla Ülvüdən ilk dünya çempionluğu

Nihat Məmmədli (63 kq) ilk mərhələdə amerikalı İldar Hafizova vaxtından əvvəl qalib gəlib – 10:0. Gənc güləşçimiz 1/8 finalda bolqarıstanlı Abu Muslim Amayevi “tuş”la üstələyib. Məmmədli daha sonra belaruslu Qleb Makarankaya gücünü göstərib – 5:0. Nihat yarımfinalda isə ermənistanlı Karen Aslanyan üzərində inamlı qələbəylə (6:1) adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinə də şans tanımayaraq (6:1) ilk dəfə dünya çempionu olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Ülvü Qənizadə (72 kq) gürcüstanlı Otar Abuladzedən güclü olub – 5:1. Həmyerlimiz növbəti mərhələdə xorvatiyalı Dominik Etlingerə vaxtından əvvəl qalib gəlib – 9:0. Qənizadə yarımfinalda çinli Ji Lenqi xalçadan məyus yola salıb – 6:0. Ülvü finalda fransalı İbrahim Qanemə 3:2 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında dünya çempionu olub.

Qurban Qurbanov (82 kq) debütdə albaniyalı Kevin Kupini mübarizədən kənarlaşdırıb – 9:0. Milli üzvü 1/8 finalda macarıstanlı Erik Silvassiyə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratova qalib gəlib – 5:0. Qurban bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Yılmazla bacarmayıb – 1:8.

Xəbəri istədiklərinizlə paylaşın