Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldular!

Azərbaycanın iki güləşçisi – Eldəniz Əzizli və Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilmişdi.

Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanmışdı – 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlmişdi. Əzizli bu gün baş tutan həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Növbəti dəfə tanış rəqibini tam üstünlüklə (13:4) məğlub edən Eldəniz müstəqillik tariximizdə yunan-Roma güləşində ilk 3 qat dünya çempionu olub.

Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start vermiş və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlmişdi. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirmişdi. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinmişdi. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş də gərgin mübarizə şəraitində keçmişdi. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollansa da, növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlamışdı. Hesabı bərabərləşdirən (5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının finalına adını yazdırmışdı. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olub. Rəqibini 2:1 hesabıyla üstələyən təcrübəli güləşçimiz 2-ci dəfə dünya çempionluğunun sevincini yaşayıb.

Sənan Süleymanov yenə dünya ikincisi oldu

Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olmuşdu – 5:1. Həmyerlimiz 1/16 finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlmişdi. Süleymanov daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərmişdi – 3:1. Milli üzvü 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırmışdı – 5:1. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşmışdı. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırmışdı. Süleymanov bu gün baş tutan finalda Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla güləşib. Qırğızıstan idmançısı sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib və Sənan 2-ci dəfə dünya çempionatında gümüş medal qazanıb.

Nihat, Ülvi və Arifin çıxışı uğursuz alındı

Bu gün həm də Azərbaycanın daha üç yunan-Roma güləşçisi dünya çempionatında mübarizəyə qoşulublar. Lakin onların hamısı çempionluq şanslarını itiriblər.

60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər. Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. Məmmədli və Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər.