Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Eldəniz Əzizli Ümumdünya Güləş Birliyinin rəsmi saytına müsahibə verib.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında ötən gün 4-cü dəfə qızıl medal qazanan pəhləvan qələbəsini şərh edib:
“Bundan əvvəl də finalda qarşılaşdığımız iranlı idmançı ilə güləşmişdik və bir-birimizi yaxşı tanıyırdıq. Poya Marza ilə bir-birimizi yaxşı tanıdığımız üçün çətin görüş keçdi. Bundan əvvəl onu 4 dəfə məğlub etdiyim üçün bu dəfə bir qədər ağır qələbə qazandım”.
Bu uğuru sayəsində Azərbaycan güləşində yeni tarix yazan Əzizli gələcək hədəflərindən də söz açıb:
“Gələcəyin necə olacağını bilmirəm, amma dünya çempionatının 5-ci qızıl medalını da qazanmaq istəyərdim. Gələn il Avropa çempionatında iştirak etməyəcəyəm. Amma çalışacağam ki, 5-ci dəfə dünya çempionu olaraq karyeramı bitirəm”.
Xatırladaq ki, Eldəniz Əzizli ötən gün finalda iranlı Poya Marzaya xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.
Əzizli 2018-ci, 2022-ci və 2023-cü illərdə keçirilmiş mundiallarda da dünya çempionu olmuşdu. Bununla da o, Azərbaycanın güləş tarixində yeni rekord müəyyənləşib. Eldənizə qədər heç bir azərbaycanlı güləşçiyə dördqat dünya çempionluğu qismət olmamışdı.
Ötən gün Eldənizlə bərabər Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) də dünya çempionatında çempionluq sevinci yaşayıblar. 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.



