Eldar Tağızadə “Barselona” ilə erkən vidalaşdı

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadə bir müddət öncə müqavilə bağladığı “Barselona”nı tərk etməli olub.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu üçüncü liqa təmsilçisi “Tudelano”ya icarəyə verilib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tağızadə bu mövsümün sonuna (2025-ci ilin 30 iyununadək) icarədə olacaq.

“Tudelano” İspaniya 3-cü liqasında yeni mövsümə sentyabrın 1-də start verəcək. Komanda həmin gün doğma meydanda “Barbastro”nu sınağa çəkəcək.

Tağızadənin yeni komandası ötən mövsüm 34 oyuna topladığı 48 xalla 18 iştirakçı arasında 7-ci yeri tutub.

Xatırladaq ki, Eldar Tağızadə avqustun 10-da İspaniya nəhəngi “Barselona” ilə müqavilə bağlayıb. Daha öncə İspaniyanın “Luqo Polvorin” klubunda çıxış etmiş azərbaycanlı qolkiper Kataloniya nəhənginə azad agent kimi qoşulub. “Barselona” ilə Tağızadə arasında imzalanmış rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Müqaviləyə əsasən, gənc qolkiper Kataloniya klubunun ikinci komandasının – “Barselona Atletik”in qapısını qoruyacaqdı. Amma görünür yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərə bilməyən azərbaycanlı qolkiperin aşağı liqa klubuna icarəyə göndərilməsi daha məqsədəuyğun sayılıb.

Eldar Tağızadə “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə paytaxt klubundan ayrılaraq İspaniyanın “Marset” futbol akademiyasına keçib. 2021-ci ilin yanvarında Fransanın “Klermon” klubuna qoşulmuş futbolçu “Luqo Polvorin”ə 2023-cü ilin yayında keçmişdi.

Xatırladaq ki, Tağızadə vaxtilə Azərbaycanın U-19 yığmasında cəmi 2 oyun keçirib.

Sonda onu da vurğulayaq ki, Eldar, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin oğludur.