Elgiz Abbasov Peşəkar Futbol Liqasında yeni vəzifəyə təyinat aldı

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi davam edir. Arena.az xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən qurumun Texniki-İdman şöbəsi ləğv olunub.

Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olunub.

Qeyd edək ki, Elgiz Abbasov 2008-ci ildən futbol sahəsində çalışır. O, 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb. Abbasov AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, Birinci Divizionun və Azərbaycan Kubokunun oyunlarına da təyinat alır.

Yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət edəcək. Bu departament həm də AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıxa biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.

PFL-də daha bir təyinat gerçəkləşib. Peşəkar Futbol Liqasının rəhbərliyinin digər qərarına əsasən qurumda icraçı direktor postu təsis edilib. Bu posta da Zaur Hacı-Məhərrəmov təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Hacı-Məhərrəmov ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. Peşəkar Futbol Liqasının yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Xatırladaq ki, buna qədər Peşəkar Futbol Liqasında Aslan Şahgəldiyev vitse-prezident təyin olunmuşdu.