“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Küveytin “Əl-Ərəbi” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq matçına çıxan Naxçıvan təmsilçisi bu görüşdən qolsuz heç-heçə ilə ayrılıb.
Matçdan sonra Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi. Ümumiləşdirsək, Ərzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.


