Elmar Baxşıyev: “80-ci dəqiqədə penalti verilməli idi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Vaqif Cavadovun gəlişindən sonra “Sumqayıt” daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik.

Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Xal itkisinin üzərində çox dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik”.

Elmar Baxşıyev hakim qərarlarına və komandasının son turlardakı qeyri-sabit nəticələrinə də münasibət bildirib:

“80-ci dəqiqədə “Sumqayıt”ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, təəssüf ki, bu, onlarda istək olaraq qalacaq… Bizə qarşı diqqətli olsunlar. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi, 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə komandamı günahlandıra bilmərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan”.

“Nəticəni ədalətli hesab edirəm” – Vaqif Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə qolsuz heç-heçəyə belə şərh verib:

“Yaxşı oyun oldu. İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm. Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. “Araz-Naxçıvan” elə-belə ikinci pillədə qərarlaşmayıb. Ancaq bizdə elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik. İnşallah ki, xallar toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik. Futbolda bir termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Bəlkə də 5 oyundur qol vura bilmirik, amma xallar qazanırıq. Bütün oyunlar vacibdir. Həm çempionatın favoritlərinə, həm də autsayderlərinə qarşı mübarizə aparırıq. Çalışacağıq ki, növbəti həftədə 3 xalı qazanaq”.