Elmar Baxşıyev: “Antalyanı yox, yeni oyunçu almağı seçdik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, üçüncü dövrədə daha yaxşı olacağıq.

Qış fasiləsində planımız Antalyaya getmək idi. Amma düşündük ki, Qəbələdə qalaq. Burada hazırlıq keçəcəyik. Bu təklifi mən etdim. Türkiyə səfirinin əvəzinə imkan olduqca yeni oyunçu ilə güclənməyimizi istədim. Neçə transfer olacağını burada açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət olmasını istəyirəm. Bir oyunçu nəzərimizdə var. Düşünürəm ki, iki futbolçu olsa, daha yaxşı olar. Həm hücum, həm müdafiə xəttinə oyunçu gətirmək istəyirik.

Ötən mövsümdən sonra komandada eniş olacağını biz də təxmin edirdik. 10 nəfər komandadan ayrılmışdı. Ötənilki heyətimiz üç ilə formalaşmışdı. Bütün oyunçular bir-birinə uyğunlaşmışdı. Bu komanda yenidir. Sabitlik çatmır. Komandanın yığılmasından dörd ay keçib. Az müddətdir. Hiss edirik ki, komanda getdikcə daha sanballı oynamağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha da iddialı ola bilərik”.

Elmar Baxşıyev adının Azərbaycan milli komandası ilə bərabər hallandırılmasına da münasibət bildirib: “Milli komanda ilə bağlı İşçi Qrupu qərar verəcək. Mənim burada olmağımın səbəbi var. Demək olar, bu klubun yetirməsiyəm. Burada inkişaf edib, məşqçiliyə başlamışam. Hələ ki, daha çox “Qəbələ”ni bu durumdan çıxarmaq fikrindəyəm. Qarşıda nə olacağını Allah bilir”.

“Mənim də səhvlərim var” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:

“Demək olar ki, oyun üstünlüyü bizim tərəfimizdə idi. Amma bu üstünlük, yaradılan fürsətlər heç olmasa bir xal qazanmağımıza yetmədi. Əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq. Komanda yenilənib. Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu, olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib.

“Sabah”ın bumövsümkü çıxışının belə alınmasının çox səbəbi var. Niyə belə oldu, hazırda cavab verə bilmirəm. Bütün bunların günahkarı baş məşqçidir. Fərqli səbəbləri var. Ötənilki “Sabah”ı unutmaq lazımdır. Artıq o “Sabah” olmayacaq. Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədilər. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi. Mənim də səhvlərim var”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: