Bu ilin fevral ayında “Qəbələ”dən ayrılmış Elmar Baxşıyev Premyer Liqanın digər təmsilçisi “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 44 yaşlı mütəxəssislə bu gün müqavilə imzalanıb. Ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan yeni baş məşqçi kollektivi ilk məşqinə çıxarıb.
Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.
Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib. O, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.
Baxşıyev 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışıb. O, 2018-ci ildən əsas komandaya rəhbərlik edirdi. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün qalibi olub.
Baxşıyev “Araz-Naxçıvan”da öz istəyi ilə postundan ayrılmış Azər Bağırovu əvəz edib. Hansı ki, o, muxtar respublika təmsilçisinin son oyunlardakı uğursuz nəticələri səbəbindən postundan istefa vermişdi. Klub rəhbərliyi aprelin 6-da Bağırovun istefasının qəbul olunduğunu açıqlamışdı.


