Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev klubla yeni müqavilə imzalayıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
Təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla yeni anlaşma 1 illikdir və 2026-cı ilin 30 iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin yayından “Araz-Naxçıvan”a rəhbərlik edir. Sözügedən komanda Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünü 58 xalla 3-cü pillədə başa vurub və tarixində ilk dəfə Avropa Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.
“Araz-Naxçıvan” Baxşıyevin rəhbərliyi altında 49 oyun keçirib. Muxtar Respublika təmsilçisi bu görüşlərdə 21 qələbə qazanıb, 14 heç-heçə və 14 məğlubiyyət görüb. Top fərqi isə belədir – 48:44.
Baxşıyev “Araz-Naxçıvan”dan öncə “Qəbələ”yə də rəhbərlik edib.


