Elmar Baxşıyev “Araz”dan istefaya göndərildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu gün klub rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş baş tutub.

Müzakirələrdən sonra tərəflər yollarını ayırmağa qərar veriblər. Naxçıvan təmsilçisi Baxşıyevə və köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprel ayından “Araz-Naxçıvan”a rəhbərlik edirdi. 45 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 70 oyuna çıxarıb, 29 qələbə, 20 heç-heçə və 21 məğlubiyyət görüb.

“Araz-Naxçıvan” məhz Baxşıyevin rəhbərliyi altında ötən mövsüm tarixində ilk dəfə Azərbaycan Premyer Liqasında bürünc medalları qazanaraq avrokuboklara vəsiqə qazanmış, hətta mərhələ də adlamışdı.

Cari mövsümdə isə “Araz-Naxçıvan” 16 oyuna topladığı 26 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Baxşıyev daha öncə “Qəbələ”nin də baş məşqçisi olub.