“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun təxminən bu ssenari ilə keçəcəyini gözləyirdik. “Turan Tovuz” qapanan və öz şansından yaxşı istifadə edən komandadır. Fərqli hissələrə şahid olduq. İlk yarıda öz oyunumuz qurmaq istəyirdik, amma alınmırdı. Qırmızı vərəqədən sonra toparlandıq. Təəssüf ki, son dəqiqədə buraxılan qolla məğlub olduq”.
Elmar Baxşıyev avrokuboklara vəsiqə qazanmaq şansları və iki aparıcı futbolçularının – Asif Məmmədov Feras Abu Akalın zədələnməsindən də danışıb:
“Hələ heç nə bitməyib, hər oyun finala bərabərdir. Bu görüşü düzgün analiz etməli və qarşıdakı matça hazırlaşmalıyıq. Öncədən də təxmin etmək mümkün deyil ki, meydana yeni daxil olan futbolçu zədələnsin. Matçın sonları idi. Əyyub Allaş da müdafiə planında çatdırmırdı, Emil Səfərovla əvəzlədik. Futbolun ayrılmaz hissəsidir, belə epizodlar da olur. Komanda bundan keçməlidir. Qırmızı vərəqəni gözləmirdik. Məğlub olmağımız əvəzetmələrlə bağlı deyil. Son dəqiqədə şans “Turan Tovuz”un tərəfində oldu və qalib gəldilər.
Asif Məmmədov üçün mövsümün bitdiyini düşünürəm, Feras Abu Akal isə müayinədən keçməlidir”.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə qələbə qazandıqları oyunla bağlı bunları dilə gətirib:
“Maraqlı və gərgin oyun olacağını bilirdik. Bəlkə də “Qəbələ” avrokuboklara vəsiqəni təmin etmək istəyirdi. Biz də seriyamızı davam etdirmək istəyirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Çempionatda məğlub etmədiyimiz iki rəqibdən biri idi “Qəbələ”. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. “Qəbələ”də zədəlilərin olması üzücü oldu. İstəməzdik belə olsun. Allah şəfa versin. Onlara uğurlar arzu edirəm”.