Elmar Baxşıyev: “Birinci “qırmızı” oyunun qırılma nöqtəsi oldu”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 1:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyunun olacağını bilirdik. Bu matçda yaxşı oyun və yaxşı nəticəyə köklənmişdik. İlk dəqiqələr də bunu göstərdi. Çoxsaylı epizodlar yaratdıq. Amma yenə də dəyərləndirmədə axsayırdıq. Oyunun qırılma nöqtəsi İlkin Qırtımovun qırmızı vərəqə alması idi. Bundan sonra komanda oyundan qopdu. İkinci qırmızı vərəqədən sonra isə hücum etmək daha da ağır oldu”.

Elmar Baxşıyev komandanın oyunundan narazı qalmadığını bildirib: “Oyun keyfiyyəti bizdən də aşağı olan komandalar var ki, nəticə qazanırlar. Oyun planında nöqsan görmürəm. Osama Xalaylanın ikinci sarı vərəqəsinə gəlincə, oyun epizodu idi və məsuliyyətsizlikdən danışmaq mümkün deyil. Hər iki oyunçu mübarizə aparır. Sarı vərəqəsi var idi, verməmək də olardı. Samuel Tetteh 90 dəqiqə oynamağa hazır olmasa da, onu daha yaxşı formaya gətirməyə çalışırıq. Ümid edirəm ki, 2-3 matçdan sonra tam optimal formasında olacaq. Rəşad Əzizli təcrübəli qapıçıdır. Daha düzgün analiz edib səhvlərini aradan qaldırmalıdır”.

“Məğlub da ola bilərdik” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçi Azər Bağırov isə komandasının qələbəsini belə şərh edib:

“Oyun bizim üçün gərgin başladı. Məğlub da ola bilərdik. Futbolçular vaxtında “ayıldılar”, qolu lazımi anda vurduq. Ondan sonra lazım olan işləri fərqli görməyə başladıq. Bundan sonra rəqib müdafiədə açıldı. Oyunun ilk 20 dəqiqəsində müdafiədə zəif çıxış etdik. Bunu aradan qaldırmalıyıq. İndiki məqamda avrokuboklar haqda yox, daha yaxşı “Araz-Naxçıvan” qurmaq haqda düşünürük”.

Xəbəri sosial şəbəkələrdə paylaş: