“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə Moldovanın “Sukleya” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi Boludakı hazırlığın ikinci günündə qarşılaşdığı bu rəqibinə 4:2 hesabıyla qalib gəlib.
Matçdan sonra baş məşqçi Elmar Baxşıyev qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:
“Boluda təşkil olunan təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Əsas istəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi. Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun təcrübəsi qazanmaq imkanı verməyi düşünürdük. Belə qarşılaşmalarda nəticə böyük önəm daşımır. Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik. Hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını başa düşürük. Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaqlar. Bu da sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq”.
Xatırladaq ki, “Qəbələ” Boluda bütövlükdə üç yoxlama matçı keçirəcək. Növbəti sınaq matçı iyulun 15-də Rusiyanın “Orenburq” komandasına qarşı olacaq. Komandanın Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-nə qədər davam edəcək.
Qəbələnin eyniadlı təmsilçisini bu yay Avropa Konfrans Liqasında da mübarizə gözləyir. Azərbaycan təmsilçisi Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək. Turnirin 2-ci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.


