“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Tovuz səfərindən sonra komanda çox məşq edə bilməmişdi. Futbolçularda bərpa prosesi ağır keçdi. Bu gün qələbə qazandıq. Amma daha da artığını etməliyik. Bu futbolçulara bələdəm. Yaxşı seleksiya işi aparmışıq. Bu, hələ tam istədiyim komanda deyil. Daha yaxşı ola bilərik”.
Elmar Baxşıyev komandanın Naxçıvanda oynamaq ehtimalı barədə suala da cavab verib:
“Hər dəfə mənə bu sual verilir. Bu, mənə aid olmayan məsələdir. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar. “Araz-Naxçıvan” öz azarkeşlərinin qarşısında daha da rəngarəng olacaq. Yaxşı futbolçulara sahibik. Ümid edirik ki, tez bir zamanda Naxçıvanı təmsil edib azarkeşləri sevindirə biləcəyik”.
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh edib:
“Deyiləsi çox şey yoxdur. Yaxşı komandaya qarşı oynadıq. Onların futbolçuları fərdi baxımdan bizdən üstün idilər. Çox bəsit qollar buraxdıq. “Araz-Naxçıvan”ı təbrik edirəm.
Autdan qol buraxırıq. Bu, ilk dəfə deyil. Top cərimə meydançamıza gələndə artıq qolun qoxusu gəlir. Sistemi dəyişmək də effekt vermir. Məndə heç bir futbolçuya qarşı şübhə olmayıb. Bomba eyni yerə bir dəfə düşər, bizdə isə eyni yerə 10 dəfə düşür. Samballı cavab verə bilmirəm. Bir nöqtədən bu qədər qol buraxmaq olmaz. Özümü təmizə çıxarmaq üçün 100 dənə səbəb deyə bilərəm. Amma bunu edə bilmərəm. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir”.