“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun “Neftçi”yə qarşı keçirəcəkləri final oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu gün matçdan öncə baş tutan mətbuat konfransına qatılıb.
Elmar Baxşıyev jurnalistlərlə görüş zamanı bunları söyləyib:
“Oyunun əhəmiyyətini bilirik. Komanda şəklində çalışacağıq ki, yaxşı mübarizə aparıb, istəyimizə çataq. Şanslar bərabərdir. Finalda favorit olmur. Düşünürəm ki, komandam məqsədə çatmaq üçün hər şeyin ən yaxşısını edəcək.
“Bakcell Arena” “Neftçi”nin stadionudur. Amma bu amil bizə təsir etməməlidir. İlk dəfə deyil ki, burada oynayırıq. Biz də bu arenaya alışmışıq. Stadionun atmosferi futbolçuların oyundan həzz alması üçün münasibdir. Düşünmürəm ki, bizə mənfi təsiri olacaq.
Məni daha çox öz komanda düşündürür. Çempionatı istədiyimiz yerdə başa vurduq. Buna görə futbolçulara təşəkkür edirəm. Oyunçularım sabah hər şeyi edəcəklər ki, titula da sahib çıxsınlar. İddialıdırlar. Sabah fərqli “Qəbələ” görəcəyik.
Asif Məmmədov həm zədəlidir, həm də cəzalı. Buna görə ehtiyat oyunçular skamyasında otura bilməz. Çempionatdakı oyunda zədə alanların komandada olması mənim qərarım idi. Asif bizim üçün önəmlidir. Onu da komandada hiss edəcəyik. Asif oyunda zədə alıb, klub olaraq ən yaxşısını etməyə borcluyuq ki, karyerasını davam etdirsin.
Asif kimi, Fares Abu Akel də zədəlidir. Əməliyyat olunmalıdır. İki futbolçu xaric bütün komanda sabahkı oyunda iştirak edə biləcək.
İstəyərdik ki, azarkeşlərimiz sabah stadionda olsunlar. Onların dəstəkləri bizə əlavə güc verir. İnanıram ki, çoxlu azarkeşimiz stadionda olacaq. Futbol statistika üzərində qurulmayıb. Oyunlar fərqli olur. Keçmişdə olanlar keçmişdə qalıb. Düşünürük ki, tarix yaza bilərik. Futbolçularıma inanıram.
Premyer Liqada da bizə inanan az idi. Amma şükürlər olsun ki, az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Büdcə heç bir önəm daşımır. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.
Transfer çalışmalarımıza başlamamışıq. Daha çox sabahkı oyunu düşünürük. Bu matçdan sonra hansı mövqelər önəmli olacaqsa, transferlərimizi o yöndə edəcəyik”.
“Bakcell Arena” bizim üçün düşərlidir”
“Qəbələ”nin kapitanı Murad Musayev də matçdan öncə baş tutan mətbuat konfransında iştirak edib. O, finalla bağlı qısa danışıb: “Bizim üçün çox önəmli oyundur. Yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, kuboka sahib olaq. Azarkeşlərin daha çox olması yaxşıdır. Bu stadion “Qəbələ” üçün uğurludur. Düşünürəm ki, sabah da belə olacaq”.