“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Elmar Baxşıyev matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Qəbələ” yaxşı komandadır. Bu komandaya qarşı oyunun çətin keçəcəyini bilirdik. Ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi”.
Elmar Baxşıyev yeni transfer etdikləri Coşqun Diniyevin durumundan da söz açıb:
“Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını da bilirik”.
Elmar Baxşıyev “Omoniya” ilə matçdan sonra onun mümkün istefası ilə bağlı yayılmış xəbərlərə də münasibət bildirib:
“Məni bura rəhbərlik gətirib. Mən burada öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındır. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. “Omoniya” ilə oyunda fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdur. Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız, daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan bir uğurdur”.
Elmar Baxşıyev zədəli Ramon Maçadonun son durumu barədə də məlumat verib:
“Maçado artıq məşqlərə başlayıb. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra komandaya qoşulacağını gözləyirik”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Əvvəlcə, “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.


