Bu gün “Araz-Naxçıvan”la yeni müqaviləyə imza atmış baş məşqçi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis yeni sözləşməsini şərh edib:
“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq”.
Elmar Baxşıyev yeni mövsümə hazırlıqla bağlı planlardan da söhbət açıb:
“Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sınaqçı rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.


