Elmar Baxşıyev hakimləri daha diqqətli olmağa səslədi

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Dördüncü yeri bu oyunda təmin etmək imkanımızın olduğunu bilirdik. Komanda bunu dərk edirdi. Bilirdik ki, bizi ağır oyun gözləyir. “Şamaxı”ya da xal lazım idi.

Bu gün epizodları yaratdıq, amma dəyərləndirməkdə çətinlik çəkdik. Bir matçımız qalıb. Həmin görüşə hazırlaşmağımız önəmlidir. “Şamaxı” ilə biz də, daha öndə olan komandalar da xal itirib. Futbolda həmişə istədiyin və fikirləşdiyin olmur. Komanda sonadək əlindən gələni etməyə çalışırdı.

Rəqibləri analiz edirik. Bu üzdən Kristof Atanqanaya şans verməyi düşündük.

Konsentrasiyanın aşağı olması hiss edilmir. Təklif tək bizim oyunçulara olmur. Komandamız qarşıdakı matça kökləyirik. Çalışacağıq ki, bu qarşılaşmada istəyimizə çataq və sonra kubok barədə düşünək”.

Elmar Baxşıyev yenə hakimlikdən şikayətlənib: “Hakimlər bir az diqqətli olsalar, yaxşıdır. Tribunadan əşya atdılar, dördüncü hakim Rasim Ramaldanova qırmızı vərəqə verilməsini deyir”.

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli isə qolsuz heç-heçədən sonra bunları dilə gətirib:

“Oyunu müdafiədən və əks hücumlar üzərində qurmaqla uğur qazanmaq istədik. “Qəbələ” də ehtiyatlı oyuna üstünlük verdi. Yekunda hər iki tərəfin qazancı 1 xal oldu. Artıq hər şey son tura qaldı. “Səbail”ə qarşı keçirəcəyimiz matçın nə dərəcədə əhəmiyyətli olduğu barədə çox danışmaq olar. Son turlar möhtəşəm çıxış edirlər. Heyətlərində çox yaxşı futbolçular var. Bizi son turda da çətin oyun gözləyir. Artıq sabahdan həmin matçın hazırlığına başlayacağıq. Bu gün “Səbail” uduzsaydı, bizi son turda heç-heçə də qane edərdi. Amma indiki halda biz Premyer Liqadakı yerimizi qorumaq üçün mütləq qələbə qazanmalıyıq. Səfərdə bizi çox çətin oyun gözləyir. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar finala bərabər matçda bizi tək buraxmayaxaqlar”.