“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirilən cavab matçını (1:1, ilk oyun 1:0) şərh edib. Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk oyundan sonra da hələ mərhələ adlamadığımızı, evdə bizi ağır görüş gözlədiyini qeyd etmişdim. “Sumqayıt” yaxşı təşkilatlanmış və yaxşı futbolçulara sahib komandadır. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Birinci hissədə istədiyimiz oyunu göstərməyə çalışırdıq. İkinci hissədə bir az rəqib də aktivləşdi və təzyiq göstərdiyindən hesab müdafiə olunmağımızı tələb edirdi. Beş gündən bir ağır qrafiklə oynayırıq. Komandadan razıyam və qarşıdakı matçlarda daha məzmunlu futbol göstərəcəyimizə inanıram.
Ümumilikdə komandadan sırf qapanmaq və hesabı qorumaq tələb olunmur. Müdafiə olunanda da hücumu, sürətlə həmlə qurmağı düşünürük. “Sumqayıt”ı da dəyərləndirmək lazımdır. Daha çox təzyiq edirdi. Hesab bizi müdafiəni düşünməyə məcbur edirdi”.
Elmar Baxşıyev yarımfinalda qarşılaşacaqları “Qarabağ” haqda da fikirlərini bölüşüb:
“Qarabağ”ın reklama ehtiyacı yoxdur, gücünü də bilirik. Hər mövqedə güclüdürlər. Amma komandama inanıram. “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə bilərik. Yarımfinaldayıqsa, niyə nəticəni düşünməyək”.
Aleksey Baqa: Daha çox işləmək lazımdır
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa da matçla bağlı fikirlərini bölüşüb. Belaruslu mütəxəssis bunları söyləyib:
“Nəticə bizi qane etməsə də, komandamın sərgilədiyi oyundan və əzmkarlıqdan razı qaldım. İlk matçla müqayisədə fərqli oyun izlədik. İlk oyunda 1 qol vura bilsəydik, bu gün meydana daha rahat çıxa bilərdik. Matça geridə başlamaq futbolçulara psixoloji baxımdan mənfi təsir etdi. Komandam ikinci hissədə daha yaxşı oynadı. İnkişaf nəzərə çarpır. Rəqibi yarımfinala çıxması münasibətilə təbrik edirəm”.
41 yaşlı baş məşqçi bundan sonra Premyer Liqada hər oyunun komandası üçün finala bərabər olacağını söyləyib: “Bütün futbolçularımız peşəkardırlar. Hamı meydanda öz üzərinə düşəni edəcək”.
Baqa Qəbələdəki futbol infrastrukturuna da toxunub: “Məşqdən sonra piyada mehmanxanaya kimi getdim ki, hər şeyi öz gözlərimlə görüm. İnfrastruktur, meydançalar, dağlar, bir sözlə, mənzərə çox gözəldir”.
O, komandanın əsas probleminin qol fürsətlərini dəyərləndirə bilməməsi ilə əlaqələndirib: “Epizodlar yaratsaq da, istifadə edə bilmirik. Bunun üzərində çox işləmək lazımdır”.


