Elmar Baxşıyev: “Heyət yenilənsə də, yenə iddialıyıq”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Avropa Konfrans Liqasında “Omoniya”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, bu turnirin 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Kipr klubu ilə ev oyunundan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hazırlıq dövründə dörd yoxlama görüşü keçirdik. Komanda oyundan-oyuna istədiyim futbolu göstərməyə çalışırdı. İnanıram ki, ötən mövsümdəkindən daha yaxşı və iddialı olacağıq. Rəqib yaxşı, balanslaşmış komandadır. Məni rəqib deyil, öz oyunumuz düşündürür. İnanıram ki, bu qarşılaşmalarda da ən yaxşısını edəcək və nəticəyə çatmağa çalışacağıq. İstəyimiz komandanın daim hücumda oynamasıdır. Amma müdafiəsiz də futbol olmur. Hər iki aspektdə daha yaxşı çıxış etməliyik ki, sabahkı görüşdə uğur qazanaq. Yeni uğur qazanmağın mümkün olduğuna inanıram. Funksional olaraq matça hazırıq”.

Elmar Baxşıyev bu yay heyətdəki dəyişikliklərdən də söz açıb: “Çox sayda oyunçu komandanı tərk etdi. Bu, futboldur və bu vəziyyətə hazır olmalıyıq. Hər komandanın başına gələcək prosesdir. Keçmişlə yaşamaq istəmirik. Komanda yenilənib. Heyət yeni olsa da, iddiamız var. İnanıram ki, daha yaxşı “Qəbələ” görəcəyik.. Məni düşündürən oyun keyfiyyətləridir. Komanda istədiyim futbolu göstərəndə nəticələr də olacaq”.

“Omoniya”nın baş məşqçisi Sofronis Avqusti də bu gün Qəbələdə mətbuat konfransına qatılıb. O, bunları söyləyib:

“Qəbələ”nin özünəməxsus oyun fəlsəfəsi var. Rəqibimiz həm müdafiədə, həm də hücumda təşkilatlanmış komandadır. Bəzi aparıcı oyunçuları getsə də, heyətində kifayət qədər yaxşı futbolçular var. Onlara qarşı diqqətli olmalıyıq”.

Xatırladaq ki, sabah – iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 3-də Kiprdə keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: