Elmar Baxşıyev: “İndiki limit münasibdir, davam etməliyik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı mübarizəli oyuna şahid olduq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Sevindiricidir ki, komanda şəklində oyundan qopmadıq. Futbolçular hər iki hissədə istədiyimiz futbolu göstərməyə çalışırdılar. Layiqli qələbə qazandığımızı düşünürəm. Yolumuza davam edirik. Komandamızı təbrik edirəm. Əlbəttə, daha yaxşı olmağa çalışırıq. Komandaya inanırıq. Bu durumdan çıxmalıyıq. Getdikcə həm oyun, həm nəticə baxımından daha yaxşı “Qəbələ” görəcəyimizə inanırıq. İndiki halda çətin durumdayıq. Amma nə mən, nə komanda turnirləri ayırmırıq, sonadək hər ikisində mübarizə aparacağıq”.

Elmar Baxşıyev heyətə yeni futbolçunun cəlb olunması və legioner limitinin dəyişdirilməsi barədə müzakirələrə də münasibət bildirib: “Axtarışları davam etdiririk. Yeni transferin reallaşması mümkündür. Legioner limitinə iki tərəfdən yanaşmaq olar. Limiti tam götürmək də olar. Büdcəsi böyük olan klublar legioner limitinin artmasını istəyərlər. Azərbaycanlı futbolçularını, millimizi də düşünməliyik. Hesab edirəm ki, indiki limit münasibdir. Belə davam etsələr, daha uyğundur”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlub olduğu matça belə şərh verib:

“Xüsusilə də birinci hissə haqda çox danışmaq istəmirəm. İstər Premyer Liqada, istərsə də kubok oyunlarında irəli getmək istəyən komanda belə sadə, bəsit qollar buraxmamalıdır. Çünki bu cür qoldan sonra psixoloji gərginlik yaranır. Artıq bir yolumuz var, çempionata diqqət yetirməliyik. Məncə, komanda toparlanacaq. Qarşıdakı matçlarda daha yaxşı oyun gözləyirəm”.