“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin “Alanyaspor” komandasına qarşı keçirdikləri yoxlama matçını şərh edib.
Arena.az xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” ötən gün ilk yoxlama matçında gücünü sınayıb.
Komanda Türkiyə Super Liqasına mübarizə aparan “Alanyaspor”la üz-üzə gəlib. Palandökən məşq mərkəzində baş tutan görüşdə tərəflər hərəyə 1 qol vurub. “Qırmızı-ağlar”ın heyətində yeni transfer Felipe Santos fərqlənib.
Oyundan sonra komandanın baş məşqçisi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi.
Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdilər. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular.
Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır”.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkü haqda isə bunları deyib: “İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.
Xatırladaq ki, “Araz-Naxçıvan” Premyer Liqanın yeni mövsümündəki ilk matçında ötən mövsümün qalibi “Qarabağ”la üz-üzə gələcək.


