“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, doğma meydanda 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə” yaxşı təşkilatlanmış komandadır. Bizim bu komanda ilə bütün oyunlarımız dinamik keçir. Hər iki komanda mübarizə baxımından bir-birinə layiqdir. Azarkeşlər sürətli oyun izlədilər. Bu tura kimi enişdə idik. Amma komanda dinamika və əzmkarlıq baxımından göstərdi ki, bizi siyahıdan silmək olmaz. Hər iki komanda qələbə qazana bilərdi. Komandadan meydanda istədiyimi aldım. Getdikcə daha məzmunlu və hücumameyilli futbol sərgiləyəcəyik. İstirahət edib qarşıdakı matçlara hazırlaşacağıq.
Heyətimiz geniş görünsə də, oyuna təsir edəcək futbolçuların sayı azdır. Güclənməyə ehtiyacımız var. Rəhbərliklə danışığımız olub, bir futbolçu transfer edəcəyik. İki aydır maraqlandığımız futbolçular var ki, son anda transferi alınmayıb. Ümid edirəm ki, milli fasilə zamanı istədiyim oyunçunu tapacağıq.
Osama Xalaylanın narahatlığı yoxdur. Mənim prinsiplərim var. Futbolçular buna uyğunlaşmalıdır. Özü niyə oynamamasının səbəbini bilir. Rejimlə bağlıdır”.
Elmar Baxşıyev uğursuz gedişata baxmayaraq, istefa haqda düşünmədiyini dilə gətirib:
“Rəhbərliklə hər gün görüşürəm, məşqlərimizdə iştirak edirlər. Mediada yazılanlar məni təəccübləndirmir. Dörd oyunda uduzmağımıza baxmayaraq, rəhbərliyin dəstəyini hiss etmişəm. Görsəm ki, bacarmıram, özüm gedəcəyəm. İstefa haqda düşünməmişəm. Mənə inanıb ora təyin edən adamlar var. Rəhbərliyimiz var. Mən ona inanıram, o da mənə”.
Rəşad Sadıqov: “Qəbələ” ilə indi qarşılaşmaq istəməzdim”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə cari mövsümdəki ilk xal itkisini və məğlubiyyəti belə dəyərləndirib:
“Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı. Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissədə fərqli “Zirə” gördük. Son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Təəsssüf ki, alınmadı. Məyusuq.
“Qəbələ” ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırıq. Seçim imkanım olsaydı, “Qəbələ” ilə indi qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib uğursuz gedişata son qoymaq üçün döyüşəcək. Biz də istəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı. Səhvləri təhlil edəcəyik.
İlkin Muradovun əsas komandada olmaması performansı ilə bağlıdır. Növbəti turlarda meydanda da görə bilərik, komandadan gedişi də mümkündür. Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Çözməyə çalışırıq”.


