“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, bu gün Gəncədə baş tutan və 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Turnir cədvəlində bir-birinə yaxın kollektivlər qarşılaşırdı. Gəncə səfəri hər bir komanda üçün ağırdır. Kollektivdən daha çox oyuna nəzarət etməyi, hücumda olmalarını istəmişdik. Futbolçular da bunu yerinə yetirməyə çalışdılar. Komandadan istədiyimi ala bildim. Vacib qələbə idi. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq.
Ötən oyundan sonra da demişdim ki, çempionat hələ yeni başlayıb, amma fərqli reaksiyalar var. Biz də bilirik ki, oyun keyfiyyətimizi daha da yaxşılaşdırmalıyıq. Qələbə təsadüfi də ola bilər. Məni sevindirən odur ki, komanda meydanda istədiyimi verməyə çalışır. İstədiyimiz oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək”.
Elmar Baxşıyev kapitan İlkin Qırtımovu tərifləməyi, Ahmed Ayzayanın əvəzləndiyi epizodda əsəbləşməsinə aydınlıq gətirməyi də unutmayıb:
“İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqların öhdəsindən layiqincə gəlir. Ahmed Ayzayadan qabaq Əyyub Allaşı dəyişmək fikrimiz var idi. Sadəcə, Ayzayanın əvəz edilmək istədiyi epizodu görməmişəm. Ayzayanın yerinə Allaşı dəyişdik. O, bizim üçün önəmli futbolçudur, potensialı olan biridir. Ancaq daha yaxşı ola bilər. Öz üzərində daim çalışır. Düşünürəm ki, bu mövsüm daha fərqli Ayzaya görə bilərik”.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının növbəti məğlubiyyətini belə şərh edib:
“Danışılası çox şey yoxdur. Çünki evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq. Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından “Qəbələ”yə uduzmayaq. Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik”.


