Elmar Baxşıyev: “Keyfiyyət fərqi sözünü dedi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları səfər matçından sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Kubok qarşılaşmaları iki oyundan ibarətdir. Rəqibin “Qarabağ” olduğunu bilirdik. Bu komandanın səviyyəsi hamıya məlumdur. Bizim də matça uyğun hazırlığımız var idi. Əzmkarlıq hesabına rəqibə müqavimət göstərmək istəyirdik. Bu, müəyyən qədər alındı, amma sonda keyfiyyət fərqi sözünü dedi. Ümumi götürəndə rəqiblər arasında fərq böyükdür. Futbolçularımızın mübarizliyindən və göstərdiyi oyuna görə şadam. İnanıram ki, daha yaxşı oynaya biləcək komandamız var. Sərəncamımızda olan bütün futbolçulardan istifadə edirik. Bu gün meydana ən optimal heyət çıxdı. Buraxılan qollarda problem sırf müdafiəçilərə görə deyil. Bütün komanda müdafiə olunmağı bacarmalıdır. Səhvi müdafiəçilərdə görmürəm. Oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, qarşımızda “Qarabağ”dır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Şans həmişə var. Cavab oyununa motivasiyasız çıxmayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, şansdan istifadə edək”.