Elmar Baxşıyev: “Komandaya yeni oyunçuların qoşulmasını istərdim”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi qarşıda ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt” təşkilatlanmış, öz dəst-xətti ilə seçilən komandadır. Oyuna yaxşı başlamasaq da, ikinci hissədə futbolçular toparlandılar. Komanda meydanda əzmkarlıq göstərərək layiqli qələbə qazandı.

Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı. Yoxlama görüşü də keçirməmişdik. Zədəlilərimiz çox olduğundan heyətlə bağlı sıxıntımız var idi. Buna görə də oyun planında çətin olacağını bilirdik.

İkinci hissə göstərdi ki, komanda öz oyununu qaytara bilir. Ülvi İsgəndərov start heyətdə oynayanda da effektini görürük. Amma belə alınır ki, sonradan daxil olanda qollar vurur. O, potensialı üstün olan hücumçudur. Düşünürəm ki, Ülvi daha yaxşı ola bilər. Bu komandanı formalaşdıranda da üstün xarakterə malik oyunçulara sahib olmuşuq”.

Elmar Baxşıyev “Qəbələ”nin qış fasiləsi dönəmində yeni transferlərin olacağını istisna etməyib: “Əlbəttə, heyət daha da güclənməli, genişlənməlidir. İmkan yaranarsa, yeni oyunçuların qoşulmasını istəyərdim”.