“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 25-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Hesab heç kimi aldatmasın. Rəşad Sadıqov güclü kollektiv formalaşdırıb. Ümumi götürəndə, “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Uduzduğumuz zaman da komandamdan razı qalmışam. Mövsümboyu necə idiksə, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar. Göstərdilər ki, “Qəbələ”ni hesabdan silmək tezdir. Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. Mövsümü layiqli şəkildə başa vurmağa çalışacağıq. Nə mən, nə də komandam avrokubok barədə düşünür. İndi yalnız “Neftçi” ilə qarşıdakı görüşü fikirləşirik”.
Elmar Baxşıyev komandada maliyyə probleminin olduğunu etiraf edib: “Əlbəttə, maliyyə klubun hər şeyidir. İnanıram ki, bu, komandamıza az təsir edəcək və sonadək xarakter göstərəcəyik. Bizi rəqiblər düşündürmür. Əsas fikrimiz öz oyunlarımızdadır. Mövsümün sonu necə olacaq, heç kim bilmir”.
“Qəbələ”nin çalışdırıcısı iki aya yaxındır qələbə qazana bilməmələrinin səbəbini də açıqlayıb: “Səbəblər müxtəlif ola bilər. Məsələn, maliyyə problemi də əlavə təzyiqlər yarada bilər. Özünüz də görürsünüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəlilərimiz çox olur. Optimal heyəti yığdıqda meydanda daha əzmkar oluruq. Qara zolaqda deyildik. Sadəcə, optimal heyətlə çıxış edə bilmirdik”.
Baxşıyev oyunun gedişində zədələnən Ürfan Abbasovun durumundan da söz açıb: “Əvvəlki zədəsini təzələdi. Çarpaz bağlarında ikinci dərəcəli zədə var. Ümid edirik ki, qısa müddətə qayıdacaq. Adının “Neftçi” və “Sabah” kimi klublarla birgə hallanmasına gəlincə, əvvəlcə çempionatı sona çatdıraq. Kollektiv çox mehribandır. İnanıram ki, komandanın bir yerdə qalması üçün hər bir şərait yaradılacaq. Büdcənin geniş olması komandanın avrokuboklarda yaxşı çıxış etməsinə səbəb olar. Buna ən çox mən sevinərəm. Mövsüm ərzində 14-15 futbolçu ilə oynayırıq. İnanırıq ki, hər şey yaxşı olacaq”.


