“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasında “Omoniya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı Kipr klubu ilə səfər oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
Elmar Baxşıyev görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:
“Ötən həftə keçirilən ilk oyunda komandamdan istədiyimi meydanda görürdüm. Həmin qarşılaşmada daha çox üstün olan tərəf biz idik. Amma bu gün “Omoniya” daha üstün futbol nümayiş etdirdi. Rəqib layiqli qələbə qazandı. Biz yeni komandayıq. İnanıram ki, zaman keçdikcə, oyundan-oyuna komandamız iddiasını göstərəcək və yenidən qüvvəsini Avropa Konfrans Liqasında sınayacaq. Rəqibə uğurlar arzulayıram”.
“Omoniya”nın baş məşqçisi Sofronis Avqusti isə bunları söyləyib:
“Rəqibi yaxşı təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik. Qəbələdəki ilk matçda yol verdiyimiz səhvlərdən nəticə çıxardıq. Bu gün qol buraxmaya bilərdik. Amma ümumilikdə oyun çox yaxşı keçdi. Növbəti rəqib daha güclü olacaq. Buna görə də bəzi nüansları yaxşılaşdırmalıyıq”.
Avqusti Azərbaycan təmsilçisinə daha çox qol vurmağın mümkün olduğunu, sadəcə, güclərinə qənaət etdiklərini söyləyib: “Kifayət qədər qol epizodu yaxalasaq da, yararlana bilmədik. Dayanmaq olmaz, inkişafa davam etməliyik. Hər matç bir imtahandır”.
“Qəbələ”nin asan rəqib olmadığını söyləyən Sofroni Avqusti Azərbaycan təmsilçisinə uğurlar arzulayıb.
Xatırladaq ki, bir həftə öncə Qəbələdə baş tutan ilk oyunda da təmsilçimiz meydanı 2:3 hesablı məğlubiyyətlə tərk etmişdi. “Omoniya” 3-cü təsnifat mərhələsində Danimarkanın “Midtyulland” komandası ilə üz-üzə gələcək.


