“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Düşündüyümüz kimi oyun ağır keçdi. Bilirdik ki, “Sabah” da iddialı və heyətində yaxşı futbolçuların cəmləşdiyi komandadır. Görüşə yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dəyərləndirmədik. Rəqib əlinə düşən imkanlardan yararlandı və layiqli qələbə qazandı.
Hakimlərin işinə qiymət verən qurum var. İnanırıq ki, onlar da öz qeydlərini aparacaqlar. Bizə göstərilən sarı vərəqənin niyə görə verilməsi sual olaraq qaldı. Ümumilikdə baş hakim görüşü normal idarə etdi. Ola bilər ki, hər hansı xırda follar bizə fərqli görünürdü. Amma ümumi götürsək, normal idarəçilik oldu.
Ruan Renato sarı vərəqə üzündən bu matçda yox idi. 13-14 futbolçumuz var, digərləri gənclərdir. Hər bir itki oyunumuza təsir edir. Ruan Renato aparıcı futbolçularımızdandır. Düşünürəm ki, “Qəbələ” komanda olaraq ruhdan düşməyəcək, daha da iddiasını ortaya qoyacaq”.
Murad Musayev: “Dayanmaq olmaz”
“Sabah”ın baş məşqçisi Murad Musayev isə darmadağını belə şərh edib: “Oyun çətin keçdi. Bu görüşdə intizamlı oyun və xarakter nümayiş etdirmək çox vacib idi. Komanda məhz bu xüsusiyyətlər sayəsində qələbə qazandı. Bütün 90 dəqiqə ərzində üstün oyun nümayiş etdirməyə çalışdıq, yaxşı qollar vurduq. Ancaq matçın bəzi anlarında rəqibə də imkanlar verdik. Düşünürəm ki, qarşıda görüləcək çox iş var. Dayanmaq olmaz, daim öz üzərimizdə çalışmalıyıq”.


