“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, Macarıstanda baş tutacaq görüş ərəfəsində bunları söyləyib:
“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq”.
Elmar Baxşıyev komandanın oyuna tam hazır olduğunu bildirib: “Hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.
“Qəbələ” fiziki cəhətdən çox güclü komandadır”
“Fehervar”ın baş məşqçisi Mixael Boris də matçdan öncə fikirlərini bildirib. Macarıstan təmsilçisinin Almaniyadan olan 47 yaşlı çalışdırıcısı bunları söyləyib:
“Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq. “Qəbələ”nin yoxlama matçlarını yaxından izləmişik. Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik”.
Baş məşqçi sabahkı qarşılaşma üçün start “11-liy”ini demək olar ki, müəyyənləşdirdiyini söyləyib: “Start heyətində əsasən Türkiyə “Qalatasaray”ına qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm”.
“Fehervar”ın kapitanı Attila Fiola da mətbuat konfransında düşüncələrini bölüşüb:
“Bu dəfə hazırlığımız daha uzun çəkdi. Yoxlama oyunlarımız yaxşı keçdi. Əminəm ki, “Qəbələ”yə qarşı da belə çıxış edəcəyik. Çətin oyun olacaq. Çünki indi beynəlxalq səviyyədə asan matçlar yoxdur. Ümid edirik ki, mövsüm ötənilkindən daha yaxşı olacaq. Avrokuboklarda uğursuzluq olsa, ölkə çempionluğu üçün mübarizə aparacağıq. Mövsümü ən azı 2-ci pillədə bitirmək istəyirik”.
Sabah “Mol Arena”da keçiriləcək “Fehervar” – “Qəbələ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.