“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. “Sabah” sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Komanda verilən tapşırığı yerinə yetirməyə maksimum çalışırdı.
Futbolçularımı hücumda görmək istəyirəm. Onlar da 90 dəqiqə hücumda oynayır. Uduzmağımıza baxmayaraq, komandadan razı qaldım. Heyətimizdə keyfiyyətli futbolçular çoxdur. Bunu hücumameylli oyunçuların hamısına şamil etmək olar. Bəzən şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlamağa çətinlik çəkirik. İmkanım olsa, özüm çıxıb qol vuraram. Sadəcə, kənardayam. Çoxsaylı epizodlar yaradırıq. Bu da güc tələb edir. Son zərbələrdə dəqiq ola bilmirik. Bunu şanssızlıqla əlaqələndirirəm.
Keyfiyyət yerindədir və oyun planında problem görmürəm. Epizodları dəyərləndirməməyin üzərində işləyirik. İnanıram ki, gələcəkdə bunu aradan qaldıracağıq.
Komanda uduzubsa, məsuliyyətli şəxs ilk növbədə mənəm. Ümumi oyun planında problem görmürəm”.


