“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Həm süni meydanda oynayırdıq, həm də “Şamaxı” ev oyunlarında çox iddialı olur. Komandamı təbrik edirəm. Futbolçular əlindən gələnin ən yaxşısını etdi və layiqli qələbə qazandıq”.
Elmar Baxşıyev Avropa Konfrans Liqasına vəsiqəni təmin etmələrindən də söz açıb: “Avrokuboklara qatılacağımıza ilk gündən inanırdıq. Futbolçular da bu inamı mövsümün əvvəlindən öz oyunları ilə bizə verirdi. Əlbəttə enişlərimiz də olurdu. Klub olaraq daha yaxşısına inanırdıq. Komandanı təbrik edirəm. Bu kollektiv daha yaxşısına layiqdir. Bu komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq”.
“Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev isə əvvəlcə rəqibi qələbə münasibətilə təbrik edib. Mütəxəssis məğlubiyyətin səbəbini bu cür izah edib:
“Yenə azarkeşlərimizi sevindirə bilmədik. Qalib gəlmək üçün qol vurmaq lazımdır. “Qəbələ”dən daha çox qol şanslarımız olsa da, fərqlənə bilmədik. Qələbə qazana bilmədiyimiz üçün məyusuq”.


