“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin “Qaziantep” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, Boludakı təlim-məşq toplanışı çərçivəsində baş tutan ilk yoxlama oyunu Azərbaycan klubu üçün uğursuz alınıb.
Əyalət təmsilçisi Super Liqada çıxış edən “Qaziantep”ə 1:2 hesabıyla məğlub olub. Matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Ümumilikdə komandanın oyunundan razı qaldım. Əsas məqsəd xətlərarası əlaqəni daha da yaxşılaşdırmaq idi. Meydançanın vəziyyəti yaxşı olmasa da, komanda topla daha çox oynamağa çalışırdı. İnanıram ki, komanda günlər keçdikcə optimal formaya yaxınlaşacaq.
Öncə üç futbolçu transfer etmişdik – Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santos. Tanıdığımız bu üç oyunçunun adaptasiyasının tez keçəcəyini düşünürəm. Bu gün transfer etdiyimiz Feras Abu Akala gəlincə, o, istədiyim futbolçudur. Onu uzun müddətdir izləyirdim. Sevinirəm ki, komandamıza qoşulub.
Əsas məqsəd nəticə deyil, futbolçuların lazım olan yükləməni qəbul etməsi idi. Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var.
Digər klubların Ruan Renato və İsnik Alimi ilə maraqlanmaları normaldır. Güvəndiyimiz futbolçulardır. “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb. Heyətimizdə onlar kimi faydalı oyunçular çoxdur”.


