Elmar Baxşıyev: “Qarabağ”a qarşı oyunumuzdan razı qaldım”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Biliridk ki, çempionatın liderinə qarşı oynayırıq. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Oturuşmuş heyəti var, dominantlıq etməyi sevir. Bizim də öz oyun planımız var idi. Komanda zaman-zaman tapşırıqların öhdəsindən gəlirdi. Çıxışımızdan razı qaldım. İnanıram ki, getdikcə inkişaf edəcəyik.

“Qarabağ” rəqibə çox qol şansı vermir. Əlimizə düşən imkanları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi. Ehtiyat qüvvəmiz azdır, rotasiya etməkdə çətinlik çəkirik. Buna baxmayaraq, komanda mənim istədiyimi verir.

Hücumlar zamanı oyundankənar vəziyyətə düşmək normaldır. Düşünürəm ki, rəqibin futbolçuların ustalığı buna gətirib çıxarırdı”.