Elmar Baxşıyev qovuldu, Rəşad Sadıqov çarəsiz qaldı – Foto

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” ilə ev oyununda texniki zonadan qovulub.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç kifayət qədər gərginliyi ilə seçilib.

Oyunun ikinci hissəsində Omar Hani rəqib futbolçuyla mübarizə zamanı yerdə qalsa da, hakim oyunu davam etdirib. Bu zaman Elmar Baxşıyev matçın dördüncü hakimi Rəvan Həmzəzadəyə etirazını bildirməyə başlayıb. Bunu görən baş hakim Cavid Cəlilov “Qəbələ”nin çalışdırıcısına sarı vərəqə göstərib. Baxşıyev yenə etirazını davam etdirincə baş hakim ona daha bir sarı və qırmızı vərəqə göstərməklə texniki zonadan uzaqlaşdırıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə “Qəbələ” ilə səfər oyununun sonlarında maraqlı görüntüsü ilə diqqət mərkəzinə düşüb. O, matçın son dəqiqələrini texniki zonada yerdə oturmaqla çarəsiz şəkildə izləyib.

Xatırladaq ki, “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyuna qədər “Qəbələ” bütün oyunlarından məğlub ayrılmışdısa, “Zirə” bütün matçlarını qalib başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: