“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyunun bizim üçün belə ağır keçəcəyini bilirdik. Matça itkilərlə çıxmışdıq. Ceyms Adeniyi, Merab Giqauri yox idi. Nikolas Raysel zədəli olduğu üçün komanda ilə məşq etmirdi. Həftə ərzində bu boşluqları hiss etdirməmək üçün çalışdıq. Amma oyun göstərdi ki, həmin oyunçuların yerini tam doldura bilmədik. Rəqibi təbrik edirəm. “Sumqayıt” çox istəkli idi, layiqli qələbə qazandı.
İki hissəni fərqləndirməzdim. Ümumi oyun planında çatışmazlıq var idi. Oyunu eyni futbolçuların üstündə qurursan və onlar olmayanda rotasiyaya məcbursan. Həmin keyfiyyəti ala bilmirsən. Problemi də bunda görürəm.
Biz təslim olmamışıq. Futbolçuların da təslim olmadığına inanıram. Gələcək matçlarda daha da artığını etməyə, yüksək yerə çatmağa çalışacağıq. Ruhdan düşməmişik.
Asif Məmmədov daim meydanda olan, əsas oyunçulardan biridir. Əlbəttə, onun əvəzlənməsi təsirsiz ötüşmür. Komandanı həm hücum, həm müdafiə planında toparlaya biləcək futbolçudur. Tək itki Asif deyil. İtkilərimiz var idi. Cəzalı, zədəli futbolçularımız qayıdanda tam komplektləşmiş olacağıq”.


